03 Aprel 2017

Yoğun bağırsaq obstruksiyası

Yoğun bağırsaq obstruksiyası hallarının 70%-i yoğun bağırsağın adenokarsinoması səbəbindən baş verir. Yoğun bağırsaq adenokarsinoması bir çox hallarda yoğun bağırsağın sol tərəfli obstruksiyasına səbəb olur və əksər hallarda obstruksiya siqmavari bağırsaqda lokalizasiya olur. Digər bədxassəli törəmələrin yoğun bağırsağa metastazları da yoğun bağırsağın obstruksiyasına səbəb ola bilər. Çanaqdaxili törəmələr də yoğun bağırsağın xaricdən sıxılması (lat. extrinsic) vasitəsilə və ya yoğun bağırsağa invaziya nəticəsində yoğun bağırsağın obstruksiyasına səbəb ola bilər. Yoğun bağırsağın bədxassəli obstruksiyası hallarında aşağıdakı cərrahi müalicəvi tədbirlər görülə bilər: Xəstənin klinik vəziyyəti imkan verirsə birincili anastomozla tamamlanan cərrahi rezeksiya aparıla bilər. Obstruksiya sahəsinə dəymədən yönləndirici stoma çıxarıla bilər. Bu cür hallarda bəzən sonradan (adətən 4-6 ay sonra) xəstənin vəziyyəti yaxşılaşarsa və digər mütləq və nisbi əksgöstərişlər olmazsa, bağırsağın rezeksiyası və reanastomozla tamamlanan cərrahi əməliyyat aparıla bilər. Bu cür iki etaplı cərrahi əməliyyatın aparılması imkan verir ki, xəstənin klinik vəziyyətinin, xüsusilə də, onun qidalanma statusunun yaxşılaşdırılması, bağırsaq obstruksiyası səbəbindən yaranmış intoksikasiyanın tam qaldırılması və bir çox hallarda neoadyuvant terapiyanın aparılması təmin olunsun. Törəməyə proksimal və distal bağırsaq hissələri arasında anastomozun qoyulması (Eng. bypass) əməliyyatı aparıla bilər. Bu əməliyyatın mühüm çatışmazlıqlarına əməliyyat nəticəsində böyük kor cibin əmələ gəlməsi, gərginlik və köpün yaranması, habelə nəcisin xaric edilməsi prosesində kənarlaşdırılmış həmin bağırsaq hissəsində yönləndiricidir. Lakin maliqnant proses səbəbindən bağırsaq obstruksiyası olan xəstələrin bir qisminin cərrahi riski çox yüksək olduğundan, onlarda cərrahi müdaxilənin aparılması mümkün olmur. Həmin hallarda təcili cərrahi müdaxilə yüksək mortalite (>10%) və xəstələnmə (>40%) ilə əlaqəlidir.

Yönəldici kolostomanın çıxarılması əməliyyatı keçirmiş xəstələrin bir qismində metastazlar aşkar edildiyi üçün stoma uzun müddət saxlanılır. Maliqnant (bədxassəli) yoğun bağırsaq obstruksiyası hallarında təcili cərrahi müdaxiləyə alternativ kimi törəmənin ablasiyası və dekompressiyaedici boruların qoyulması və ya özüaçılan metal stentlərin yerləşdirilməsi tətbiq oluna bilər. Ümumiyyətlə, bədxassəli törəmə səbəbindən yaranmış yoğun bağırsaq obstruksiyası olan xəstələrin müalicəsində cərrahlarla yanaşı endoskopistlər, tibbi onkoloqlar, terapevtlər, qidalanma üzrə ekspertlər və s. mütəxəssislərin komanda şəklində iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Yoğun bağırsaq obstruksiyası hallarında ilkin müayinə

Yoğun bağırsaq obstruksiyası adətən yüngül diskomfort və ya bəzən ağır dərəcəli periumbilikal və ya hipoqastrik ağrı və qarın köpməsi ilə müşaiyət olunur. Güclü və davamlı ağrı və ya peritonun qıcıqlanması əlamətləri olan xəstələrdə yoğun bağırsağın tam obstruksiyası və ya bağırsağın qanqrenasının olduğu dərhal düşünülməlidir. Həmin xəstələrin təcili cərrahi müayinəyə yönəldilməsi tələb olunur. Ümumiyyətlə, bağırsağın perforasiyası və ya qanqrenası hallarında kolonoskopiyanın aparılması məsləhət görülmür. Belə ki, bağırsaq daxilinə havanın insuflyasiyası bağırsaq divarının perforasiyasına səbəb ola bilər. Yoğun bağırsaq obstruksiyası hallarında əldə edilmiş abdominal rentgen filmlərində bağırsaqda obstruksiya sahəsinə proksimal hissələrdə yoğun bağırsağın dilatasiyası, habelə ayaqüstə və ya yan üstə (lat. decubitus) filmlərdə hava-maye səviyyələri müəyyən edilir. Volvulus çox vaxt qarın boşluğunun bəsit rentgenoqrafiyası ilə müəyyən edilə bilər. Abdominal KT görüntüləməsi də obstruksiyasının yerini və onun mümkün etiologiyasını təyin etməyə yardımçı ola bilər. Bağırsağın hissəvi keçməzliyi diaqnozu təsdiqini tapdıqda, xəstənin müalicəsi üçün venadaxili maye infuziyası və elektrolitlərin korreksiyasına start verilir, habelə bağırsağın dekompressiyası üçün nazoqastral zondun mədəyə yerləşdirilməsi ilə möhtəviyyatın xaric edilməsi təmin edilir. Bundan sonra obstruksiyasının sahəsinin müayinəsi aparıla bilər. Bu məqsədlə radioloji görüntüləmə və ya kolonoskopiya ilə vizualizasiya istifadə edilə bilər. Yoğun bağırsağın sol tərəfli obstruksiyası hallarında qatlanan siqmoidoskopiya və ya məhdud kolonoskopiya obstruksiyanın yerini müəyyən etməyə və anal dekompressiya borularının, özüaçılan metal stentlərin qoyulması və ya endoskopik dekompressiya ilə müalicəsinin aparılmasına imkan verə bilər. Qatlanan siqmoidoskopiya və ya məhdud kolonoskopiyanın əlverişliyi onun aparılması üçün bağırsağın yalnız təmizləyici imalə ilə hazırlanmasının tələb olunduğundan irəli gəlir. Yoğun bağırsağın sağ tərəfli patologiyalarında endoskopik müayinə bir daha faydalı ola bilər, lakin onun aparılması texniki cəhətdən daha çətindir. Bununla yanaşı sağ tərəfli yoğun bağırsaq patologiyalarının müayinəsi üçün bağırsağın daha yaxşı hazırlanması tələb olunur ki, bu da bağırsağın perforasiyası riskini artırmış olur. Bağırsaq obstruksiyası olan xəstələrdə kontrast maddə ilə imalənin aparılması planlaşdırılarsa, barium kontrast əvəzində suda həll olunan (məs., qastroqrafin, uroqrafin) kontrastın istifadəsinə üstünlük verilməlidir. Belə ki, bariumun istifadəsi nəticəsində bağırsağın obstruksiyası zonasında bariumun tıxanması və ya gizli qalmış perforasiya hallarında bariumun qarın boşluğuna sızaraq barium peritonit riski artmış olur. Barium kontrast maddəsi ilə aparılmış görüntüləmə bağırsağın selikli gişasının daha detallı müayinəsinə imkan versə də, mexaniki obstruksiya ehtimalı olan xəstələrdə bu cür detallı müayinəyə ehtiyac duyulmur.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.