Uzun bağırsaq
Uzun bağırsaq – dolixosiqma xəstəliyi nədən yaranır?
Yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması “dolixosiqma” adlandırılır. Bu kifayyət qədər yayılmış patologiyadır. Bəzi insanlarda dolixosiqma heç bir pozulmalara səbəb olmur və digər xəstəliklə bağlı olan müayinə zamanı təsadüfən aşkar edilir. Lakin bir çox insanlarda dolixosiqma özünü ağır xroniki qəbizlik, köp və qarında ağrılarla büruzə verir. Pediatriyada qəbizlikdən əziyyət çəkən uşaqların 40%-ndə dolixosiqma aşkar olunur. Dolixosiqma zamanı siqmaravı bağırsaqda 2-3 artıq ilgək olur. Həkimlərin əksər hissəsi dolixosiqmanı anadangəlmə pozulma kimi qiymətləndirirlər. Lakin bəzi hallarda dolixosiqma özünü yalnız 45-50 yaşdan sonra azhərəkətli həyat sürən, oturaq işdə işləyən və ət və karbohidratlarla zəngin olan qidalarla süi-istifadə edən insanlarda qeyd olunur. Bütün sadaladığımız amillər (azhərəkətli həyat tərzi, düzgün olmayan qidalanma və s.) insanda doğulduğu andan olan pozulmanın simptomlarının meydana çıxmasına “əlverişli” şərait yaradır. Dolixosiqmanın inkişafı səbəbləri hələ ki tam məlum deyil. Həkimlər bu kimi risk faktorları ayırd edirlər: irsiyyət, hamiləlik zamanı ana orqanizminə olan mənfi təsirlər (fiziki, ekoloji və s.), gələcək ananın keçirdiyi infeksion xəstəliklər, bəzi dərman preparatların qəbulu. Dolixosiqmanın əsas simptomu xroniki qəbizlikdir. Əksər hallarda qəbizlik uşaqlarda 6 ayından sonra uşaq süni qidalanmaya keçdikdə və ya əlavə qidaları (sıyıq, meyvə-tərəvəz və s.) almağa başladıqda özünü büruzə verməyə başlayır. Əvvəl qəbizlik vaxtaşırı olur, daha sonra qəbizlik daha tez-tez təkrarlanmağa başlayır və daha uzunsürən olur. Nəcis kütləsi çox böyük, üfunətli olur, bərk nəcis bağırsağın divarını zədələyir və nəticədə nəcis kütləsində qan izləri olur. Xroniki qəbizlik siqmavari bağırsağın fəaliyyətini daha da pisləşdirir. Dolixosiqma zamanı xəstədə tez-tez təkrarlanan qarın ağrıları, köp olur.
Xroniki qəbizlik fonunda nəcis daşları əmələ gəlir, nəcis autointoksikasiyası (zəhərlənmə), anemiya, digər mədə-bağırsaq xəstəlikləri (qastroduodenit, pankteatit, kolit, disbakterioz, babasil və s.) inkişaf edir. Dolixosiqmanın ən ağır fəsadı bağırsaq keçirməzliyidir. Bu pozulma insanın həyatı üçün ciddi təhlükə yaradır və yalnız cərrahi yolu ilə müalicə olunur. Dolixosiqmadan əziyyət çəkən uşaqlarda bədən çəkisi normadan az olur, uşağın fiziki inkişafı ləngiyir, dərisi solğun, qarnı böyük olur. Dolixosiqmaya şübhə yarandıqda qastroenteroloqun, koloproktoloqun və cərrahın müayinəsindən keçmək lazımdır. Dolixosiqmanın diaqnozunu təsdiq etmək üçün bağırsaqların rentgenoloji müayinəsi və bəzi digər müayinələr keçirilir, nəcis və qan analizləri verilir. Dolixosiqmanın əsas müalicə metodu pəhrizdir. Qidalanmada əsas yer qida lifləri ilə zəngin olan məhsullar (meyvə-tərəvəz, göyərti, buğda kəpəyi və s.), süd məhsulları, bitki yağları, yarmalar və s. tutmalıdır. Xəstə daha tez-tez və kiçik hissələrlə qida qəbul etməlidir. Həmçinin qarın boşluğu massajı, müalicəvi bədən tərbiyəsi, iynəbatırma, vitaminlər və s. kimi vasitələr istifadə olunur. İşlətmə dərmanları nadir hallarda təyin olunur.
Əksər hallarda pəhriz və müalicə xəstəyə kömək edir və nəcis ifrazı normallaşır. Lakin bəzi hallarda konservativ müalicə heç bir effekt vermir, xəstədə pozulmalar və fəsadlar artır və bu zaman dolixosiqma cərrahi yolu ilə müalicə olunur.