Paraezofaqal yırtıqlar
Paraezofaqal yırtıqlar: kliniki xüsusiyyətlər və cərrahi müalicəsi
Paraezofaqal yırtıqlar qida borusunun diafraqmal dəliyinin yırtıqlarıdır və az hallarda müşahidə edilir. Paraezofaqal yırtıq yırtıq kisəsini formalaşdıran periton qatından ibarət olur ki, bu da paraezofaqal yırtıqları sürüşən növ İ yırtıqlardan fərqləndirən xüsusiyyətdir. Paraezofaqal yırtığın cərrahi müalicəsinə aşağıdakı hallarda göstəriş yaranır: bəzən elə paraezofaqal yırtıqla əlaqəli olan qastro-ezofaqal reflyuksun simptomlarının konservativ yollarla kontrol edilməsi mümkün olmadıqda, təcili müdaxilə tələb edən ağırlaşma baş verdikdə. Daha az müşahidə edilən diafraqmal dəliyin (hiatus) yırtıqları növ II, III və IV “paraezofaqal yırtıq” növləridir. Onlar cəmisi 5% hallarda müşahidə edilir. Etiologiyası tam bəlli olmasa da, düşünülür ki, paraezofaqal yırtıqlar anti-reflyuk xəstəliyi, ezofaqomiotomiya və ya qismən qastrektomiya əməliyyatları zamanı hiatusun cərrahi disseksiyasının ağırlaşmalarıdır. Səbəb və ya nəticə kimi, paraezofaqal yırtıqlar əsasən normada mədənin yerdəyişməsinə imkan verməyən strukturların-qastrokolik və qastrosplenik bağların-qeyri-normal boşalmasından əmələ gəlir. Yırtıq böyüdükcə mədənin böyük əyriliyi döş boşluğuna keçir. Mədənin qastroezofaqal birləşmədə fiksə olunması səbəbindən, yırtılan mədə öz uzun oxu ətrafında rotasiya edir və nəticədə orqanoaksial volvulus və ya burulma baş verir. Bəzi hallarda mədənin rotasiyası köndələn ox üzrə baş verir və mezenteroaksial volvulusa səbəb olur. Paraezofaqal yırtıqlar daha yaxşı bariumla aparılan radioqrafik görüntüləmədə müşahidə edilir. Lakin, onların mövcudluğu endoskopik müayinədə də müşahidə edilir. Mədə ilə yanaşı digər orqanların cəlb olunması ilə müşahidə edilən paraezofaqal yırtıqların dəqiq görüntülənməsi və diaqnostikası KT və ya MRT ilə aparılır. Paraezofaqal yırtığı olan xəstələrin əksəriyyəti asimptomatik olur. Xəstələrin 1/3-də endoskopik müayinə aparıldıqda qastrit, eroziyalar, mədə xoraları və ya qastro-ezofaqal reflyuk xəstəliyi müəyyən edilir. Mədə xoralarının yaranması səbəbi isə mədə divarının burulması və mədənin 12-barmaq bağırsağa boşaldılmasının pozulmasıdır. Paraezofaqal yırtıqların ciddi ağırlaşmalarına mədənin çevrilməsi (fırlanması, volvulus), mədə çıxacağının obstruksiyası, qanaxma, mədənin burulması, və bəzi hallarda əsas sol bronxun traxeobronxial kompressiyası nəticəsində respirator distres aiddir.
CƏRRAHİ MÜALİCƏ
Cərrahi müalicəyə göstərişlər. Paraezofaqal yırtıqların konservativ və ya tibbi müalicəsi yoxdur. Müalicənin əsasən qastro-ezofaqal reflyuksun simptomlarının aradan qaldırılmasına yönəlmiş olur. Paraezofaqal yırtığın planlı şəkildə cərrahi müalicəsinə göstərişlər aşağıdakı kimidir: QERX-in (qastro-ezofaqal reflyuk xəstəliyi) konservativ müalicənin uğursuz olması, disfaqiya, erkən doyma hissi, qida qəbulundan sonra ağrı, anemiya, və paraezofaqal yırtıqla əlaqəli olan qusma. Paraezofaqal yırtığın təcili təxirəsalınmaz cərrahi müalicəsinə göstərişlərə isə aşağıdakılar daxildir:
- qanaxma,
- mədənin burulması,
- obstruksiya,
- yırtığın boğulması,
- perforasiya, və paraezofaqal yırtıq səbəbindən respirator distres və ya tənəffüs çatışmazlığı.
Paraezofaqal yırtıqların profilaktik cərrahi müalicəsi çox nadir hallarda həyata keçirilir, çünki bu əməliyyatlardan sonra mortalite yəni ölüm halları 1.4% olur. Halbuki, bütün paraezofaqal yırtıqların cəmi 1.1% kəskin ağırlaşma və ya kəskin simptomlara görə təxirəsalınmaz cərrahi müdaxilə tələb edir. Müxtəlif səbəblərə görə (yaş, xeyli risk faktorları, digər yanaşı xəstəliklər səbəbindən fiziki dözümlüyü xeyli zəifləmiş) paraezofaqal yırtığın tam bərpasına yönəlmiş cərrahi əməliyyat keçirə bilməyən xəstələrdə, laparoskopik yolla yırtığın bərpası aparılır və mədəni ön abdominal divara bərkitmək üçün iki perkutan endoskopik (PEQ borusu) qastrostomiya borusu qoyulur. Bu prosedur mədə burulmasının təkrar baş verməsinin qarşısını alır. Xəstənin isə vəziyyəti əməliyyatın keçirilməsinə imkan verdikdə isə, paraezofaqal yırtığın əsl bərpası aparılır. Bu metod təcili təxirəsalınmaz hallarda istifadə edilə bilər.