02 Aprel 2017

Öd daşları və alkoqol pankreatitə səbəb olur

Mədəaltı vəzin iltihabı problemini əsasən çox kiçik ölçülü xırda öd daşları törədə bilir. Qaraciyərdən gələn ümumi öd axarı və mədəaltı vəzin axarı onikibarmaq bağırsaqda birləşərək birgə açılırlar. Öd kisəsində olan xırda daşlar bu ümumi axara düşəndə, həm qaraciyər axınında təzyiqi artırır, sarılıq yaradır, həm də mədəaltı vəzi axarında təzyiqi artırır, xırda kapilyarların partlamasına və mədəaltı vəzidə iltihabın yaranmasına səbəb olur. Hər hansı əlamət verməyən, əhali arasında “lal daşlar” adlandırılan öd daşlarının pankreatitə səbəb olması ehtimali azdır. Çünki adətən xırda daşlar iltihaba səbəb olurlar. Lal daşlar kimi təqdim olunan daşlar isə daha böyük ölçülü daşlar olur. Əsasən ölçüsü 1 mm-dən az olan xırda öd daşları pankreatitə səbəb olur. Alkoqola bağlı yaranan pankreatitlər zamanı əslində problemin məhz içki qəbuluna görə yaranması o qədər də dəqiq bəlli deyil. Çünki uzun müddət alkoqol qəbul edən, amma bu problemi yaşamayan, kəskin pankreatit keçirməyən insanlar da var və onların sayı çoxdur. Əgər bu hal sırf içkiyə bağlı olsaydı, deməli, onların hamısında bu problem ortaya çıxardı. Amma belə hesab olunur ki, uzun müddət spirtli içki qəbulu fermentlərin öz-özünə aktivləşməsinin qarşısını alan mexanizmin qırılmasına səbəb olur, bu səbəbdən mədəaltı vəz axarında təzyiq artması baş verməsə belə, fermentlərin vəzin özündə öz-özünə aktivləşməsi nəticəsində pankreatit başlayır. Belə bir nəzəriyyə mütəxəssislər arasında daha geniş yayılmışdır.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.