
Jilbert sindromu
Jilbert sindromu yüngül hesab edilən qaraciyər patologiyası olub bilirubin mübadiləsinin catışmazlığından qaynaqlanır. Jilbert sindromunun müalicəyə ehtiyacı yoxdur və ciddi ağırlaşmalara törətmir. Bir qayda olaraq Jilbert sindromu xəstəlik hesab edilmir və xoşxassəli gedişə malikdir. Jilbert sindromu əsasən təsadüfən üzə çixan bir haldır. Bu və ya digər məqsədlə həyata keçirilən qanın biokimyəvi müayinəsi zamanı bilirubinin yüksəlməsi qeyd olunur. Jilbert sindromu kifayət qədər geniş yayılmış patologiyadır.
Adətən Jilbert sindromunun bəzən mülayim sarılıq istisna edilməklə heç bir əlaməti qeyd edilmir. Sarılığın əmələ gəlməsinin səbəbi qanda olan bilirubinin miqdarının artması və onun dəri və selikli qişaya hopmasıdır. Bəzi hallarda Jilbert sindromu olan insanlarda zəiflik və qarında ağrılar qeyd olunur. Amma mütəxəssislər bunun Jilbert sindromu ilə deyil yanaşı gedən digər səbəblərlə bağlı olması qənaətindədirlər.
Aşağıdakı hallar Jilbert sindromu olan insanlarda bilirubinin miqdarını artıra bilər:
- İnfeksion xəstəliklər
- Mensturasiya
- Aclıq
- Dehidratasiya
- Fiziki və psixoloji gərginlik
Jilbert sindromu irsi xarakter daşıyır və bilirubinin birləşməsini təmin etməklə onun ekskresiyasını asanlaşdıran enzimin sintezinə cavabdeh olan genin mutasiyaya uğraması səbəbindən meydana çıxır. Bu zaman qanda ümumi bilirubinin, xüsusilə onun sərbəst fraksiyasının miqdarı artıır. Bu hiperbilirubinemiya adlanır.
Dəridə və görünən selikli qişada sarılıq əlamətlərinin əmələ gəlməsi heç bir digər şikayət olmasa belə həkimə müraciət üçün kifayət olmalıdır. Bununla həkim sarılığın səbəbini və hər hansı bir ciddi xəstəliyin olmamasını dəqiqləşdirə bilər. Jilbert sindromu zamanı heç də həmişə sarılıq qeyd olunmur. Amma aclıq zamanı sarılıq özünü daha tez biruzə verir. Odur ki, hər hansı bir səbəbdən ac qalan zaman dəri və gözün ağında sarılıq hiss edirsinizsə mütləq həkimə müraciət edin.