01 Aprel 2017

Gizli kimyagər – mədəaltı vəzi

Mədəaltı vəzi yalnız həzm prosesini dərk etməklə kifayətlənmir, həm də yediyiniz yeməklərin növlərini bilir. Yediyiniz müxtəlif yeməklərə görə fərqli həzm maddələri hasil edir. Məsələn, makaron, çörək kimi karbohidratlı qidalar yediyiniz zaman mədəaltı vəzin ifraz etdiyi enzim karbohidratları parçalamaq xüsusiyyətinə malikdir. Bu qidalar onikibarmaq bağırsağa çatanda mədəaltı vəzi karbohidratları parçalamaq xüsusiyyətində olan “amilaza” adlı enzim hasil edir.
Əgər siz ət, balıq və ya toyuq kimi qidalar yesəniz, mədəaltı vəzi proteinli qida qəbul etdiyinizi dərhal bilir. Həmçinin bu qidalar onikibarmaq bağırsağa çatdığı zaman bu dəfə proteinləri parçalamaq üçün “tripsin, kimotripsin, karboksipeptidaza, ribonukleaza və dezoksiribonukleaza” kimi müxtəlif enzimlər hasil edir və bu enzimlər protein molekullarına hücum edir. Əgər yeməyinizdəki yağın nisbəti yuxarıdırsa, bu enzimlərlə yanaşı yağları həzm edən “lipaza” adlı bir enzim də hərəkətə gəlir. Göründüyü kimi, bir orqan yediyiniz yeməklərin nələrdən təşkil olunduğunu bilib daha sonra bu qidaların həzm edilməsi üçün lazım olan kimyəvi mayeləri ayrı-ayrılıqda hasil edir və bunları yalnız lazımi anlarda ifraz edir. Mədəaltı vəzi karbohidrat molekulu üçün protein parçalayıcı və ya yağ molekulu üçün karbohidrat parçalayıcı şirə ifraz etmir. Hasil etdiyi qarışıq mayelərin kimyəvi formullarını unutmur. Bu qarışığı təşkil edən hər hansı bir maddəni təsadüfən əskik etməz. Mədəaltı vəzi sağlam insanlarda ömür boyu düzgün şəkildə fəaliyyət göstərir.

İndi isə həyata keçən bu hadisəni mikromüstəvidə və ən incə şəkildə tədqiq edərək qarşımızdakı möcüzənin ölçülərini daha yaxından görək. Mədədə həzm prosesi davam etdiyi halda mədə hüceyrələri boş dayanmır. Bu hüceyrələrdən bəziləri mədədə həzm edilən qidaların bir müddət sonra onikibarmaq bağırsağa çatdığını bilir. Bu hüceyrələrin bütün düşüncə və istəkləri qidaların insan üçün ən gözəl şəkildə həzm edilməsidir. Öz içlərindəki məsuliyyət hissi ilə hərəkət edən mədə hüceyrələri mədəaltı vəzi hüceyrələrinə məktub yazmağı (hormon ifraz etməyi) və bu hüceyrələri köməyə çağırmağı qərara alırlar. Bundan sonra yazdıqları məktubları qan vasitəsilə mədəaltı vəziyə göndərirlər. Qanın tərkibinə buraxılan məktub orqanizmdə səfər edir. Bu səfər əsnasında mədəaltı vəziyə gəldiyimiz zaman mədəaltı vəzi hüceyrələri məktubu tanıyır və dərhal açırlar. Buradakı maraqlı məqam məktubun qan vasitəsilə demək olar ki, bütün orqanizmi dolaşdığı halda onun digər orqanların hüceyrələri tərəfindən açılmaması və oxunmamasıdır. Bütün hüceyrələr bu məktubun mədəaltı vəzi üçün yazıldığını, onları nəzərdə tutmadığını bilir. Çünki məktubun üzərində mədəaltı vəzinin ünvanı var. Məktubun molekulyar quruluşu yalnız mədəaltı vəzi hüceyrələrinin üst təbəqəsində olan qəbuledici molekullarla qarşılıqlı təsir halında xüsusi olaraq yaradılıb. Yəni mədə hüceyrəsi şüurlu və ağıllı bir şəkildə hasil etdiyi hormonun üzərinə həqiqətən də bir ünvan yazıb. Həmçinin orqanizmdə milyardlarla müxtəlif ünvanlar arasından mədəaltı vəzi hüceyrəsinin ünvanını düzgün şəkildə yazıb. Bu ünvanın düzgün yazılması üçün mədə hüceyrəsinin mədəaltı vəzi hüceyrəsinin bütün xüsusiyyətlərini bilməsi lazım gəlir. Möcüzə yalnız ünvanın düzgün yazılması ilə bitmir. Mədə hüceyrəsinin göndərdiyi məktubun içində həm də xəbər var. İnsan orqanizminin dərinliklərində, bir-birindən çox uzaqda olan iki kiçik canlı (hüceyrə) məktublaşıb əlaqə saxlayır. Onlar bir-birlərini heç görmür, lakin bir-birini hansı dildə anladıqlarını bilirlər. Həmçinin bu əlaqə müəyyən bir məqsədə xidmət edir. İki hüceyrə birləşib yediyiniz qidaların həzm edilməsi üçün plan qururlar. Şübhəsiz ki, bu, həqiqi bir möcüzədir.

Ona gələn məktubu (xolesistokinin hormonunu) oxuyan mədəaltı vəzi heç bir şeyi gözləmədən bu məktubdakı əmrə tabe olur. Dərhal qidaların həzm edilməsi üçün lazımi enzimləri ifraz etməyə başlayır. Əgər onikibarmaq bağırsağa çatan qida proteindirsə, protein ifraz edən enzim hasil edir. Əgər bu qida karbohidrat tərkiblidirsə, bu dəfə karbohidratları parçalayan bir enzim hasil edir və bu enzimi onikibarmaq bağırsağa göndərir. İndi isə qarşınıza qara bir lövhənin qoyulduğunu və bu lövhənin üzərinə sıra ilə bir protein molekulunun, bir yağ molekulunun və bir karbohidrat molekulunun formullarının yazıldığını, bu molekulların atomik sıralarını göstərən şəkillərin çəkildiyini düşünək. Bundan sonra sizdən bu üç müxtəlif molekulyar quruluşun hər birini parçalayacaq ən uyğun molekulyar quruluşa malik olan enzimlərin formullarını yaratmağınızı və həmin formulları lövhəyə yazmağınızı istəsinlər. Əgər kimya sahəsində bir təhsiliniz yoxdursa, sizə milyon il vaxt verilsə də buna uyğun formulu ehtimal edib tapa bilməzsiniz. Bu molekulları parçalayan enzimlərin formullarını yalnız kimyaçı mütəxəssis yaza bilər. Mədəaltı vəzinin orqanizmdə başqa mühüm funksiyalarından biri də onun qanın tərkibindəki şəkəri tənzimləməsidir. Bu tənzimləməni aparan şirələr mədəaltı vəzinin içində olan və “Langerhans badamcıqları” adlanan kiçik bağlı vəzilər tərəfindən hasil edilir. İnsulin və qlükaqon adlı bu hormonlar şəkərin tənzimlənməsi funksiyasını daşıyır. Bir tərəfdən şirin çayınızı içdiyiniz, digər bir tərəfdən də tortunuzu yediyiniz zaman qanınızın tərkibində olan şəkərin miqdarını tənzimləməyinizin vacibliyi haqqında heç vaxt fikirləşmirsiniz. Bəlkə də ardıcıl şəkildə gerçəkləşən tənzimləmənin nə qədər həyati əhəmiyyət daşıdığını da düşünmürsünüz. Lakin sizin səhhətinizlə bağlı bu sahədə konkret vəzifə daşıyan mədəaltı vəziniz lazım gələn bütün məlumatlara malikdir və qanınızın tərkibində olan şəkərlə bağlı ölçmələri çox həssas şəkildə yerinə yetirir. Lazım olduğu zaman da kifayət qədər hormon ifraz edərək orqanizminizdəki şəkəri tənzimləyir.

Qanın tərkibindəki şəkərin miqdarının müəyyən həddə olması insan həyatı üçün zəruridir. Lakin insan gündəlik həyatında şəkərli qidalar yeyərkən bu həssas tarazlığı hesablaya bilməz. Çünki bu hesabat hər bir insan üçün müntəzəm şəkildə aparılır.

Qanın tərkibində olan şəkərin miqdarı yüksələndə mədəaltı vəzi bundan dərhal xəbər tutur və insulin adlı xüsusi bir maddə ifraz edir. Bu maddə qaraciyərə və orqanizmdə olan başqa hüceyrələrə qanın tərkibindəki artıq şəkəri saxlamağı əmr edir. Əgər qandakı şəkərin miqdarı aşağı düşərsə, mədəaltı vəzi bunu da dərhal öyrənir və “qlükaqon” adlı başqa bir hormon ifraz edir. Bununla əlaqədar olaraq qaraciyər əvvəlcədən ehtiyatda saxladığı şəkər ehtiyatlarını xüsusi proseslərdən keçirib yenidən qana verir. Qanın tərkibindəki şəkərin nisbəti bu proseslər sayəsində heç bir zaman,- xəstəlik hallarını çıxmaq şərtilə,- təhlükəli həddə çatmır.

Gündəlik həyatda sizin nə mədəaltı vəzidən, nə insulindən, nə də qaraciyərdən xəbəriniz olmur. Qanınızda şəkərin miqdarının yüksəldiyini hiss etməzsiniz, hətta qarşınıza müxtəlif şəkər nisbətləri olan iki şüşə qan qoyulsa, arada olan fərqi də bilməzsiniz. Lakin heç bir zaman görmədiyiniz və bilmədiyiniz bəzi hüceyrələriniz qanınızdakı şəkərin miqdarını laboratoriyada olan cihazlardan da dəqiq şəkildə ölçür və nə etmək lazım olduğunu dərhal müəyyən edərək müvafiq tədbirlər görürlər.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.