29 Mart 2017

Appendisit

Appendisit kor bağırsağın soxulcanabənzər çıxıntısı – appendiksin iltihabına deyilir. Bu xəstəliklə bağlı aparılan cərrahi əməliyyatlar öz tezliyinə görə qarın boşluğu üzvləri üzərində icra edilən əməliyyatlar arasında birinci yerdə durur. Appedisitin kəskin və xroniki formaları ayırd edilir.Soxulcanabənzər çıxıntı, normada diametri 6-10 mm, uzunluğu isə 6-15 mm olan, kor qurtaracaqlı, boruşəkilli törəmədir, qarının sağ qalça çuxurunda yerləşir.Çıxıntının selikli qişasında çoxsaylı limfa düyüncüklərinin mövcudluğunu əsas tutaraq bunun “infeksiyaya qarşı sədd” funksiyası daşıdığını söyləyirlər. Bəzi alimlər appendisitin inkişafının səbəbini soxulcanabənzər çıxıntıda nəcis kütləsinin toplanmasında görürlər. Digər qrup alimlər xəstəliyin əmələgəlmə səbəbini bağırsaqdakı yad cisimlərin (çəyirdək, nəcis daşları və s.), bağırsaq qurdlarının soxulcanabənzər çıxıntıya keçib onun mənfəzini tutması ilə izah edirlər. Soxulcanabənzər çıxıntıdakı iltihabi prosses ilk əvvəl bağırsağın selikli qişasından başlayır, sonra tədricən bütün qatlarına keçir. Nəticədə appendiks şişkinləşir, iltihablaşır, onun mənfəzində irinlik əmələ gəlir. Soxulcanabənzər çıxıntı bağırsaqların patogen mikroflora ilə zəngin olan bölgəsində yerləşir və onun deşilməsi virulent irinli infeksiyanın qarın boşluğuna yayılmasına yol açır. Nəticədə qarın boşluğunun daxili təbəqəsinin iltihabı – peritonit baş verir. Peritonitin müalicəsinin isə nə qədər çətin olduğu cərrahlara yaxşı bəllidir.

ƏLAMƏTLƏRİ

Appendisit zamanı ağrılar bəzən birbaşa sağ qalça çuxurunda, yəni soxulcanabənzər çıxıntının yerləşdiyi sahədə baş verir.Kəskin appendisit zamanı ağrılar daimi olur, getdikcə artır, xəstədə qorxu hissi yaradır. Ağrılarla yanaşı ürəkbulanma, arabir baş verən qusma da müşahidə olunur. Appendisit zamanı xəstələrdə çox vaxt qəbizlik, qarının köpməsi baş verir. Bəzi hallarda isə xəstəlik əksinə, ishal şəklində özünü büruzə verir.

Bədən hərarətinin 37,5-38°C-yə gədər artması da appendisitə xas olan əlamətlərdəndir.Xronik appendisit zamanı cərrahi əməliyyatın aparılması mütləq deyil və buna fərdi yanaşılır.Amma kəskin appendisitin çox təhlükəli xəstəlik olmasını bir daha vurğulamaq istəyirəm. Qarın boşluğunda ağrılar baş verdikdə və onların getdikcə artması müşahidə olunduqda heç bir müalicə tədbiri aparmadan təcili həkimə müraciət etmək lazımdır. Belə halda gecikmə xəstənin həyatı üçün böyük təhlükə törədə bilər.

Bu yazını yaxınlarınızla paylaşın:
Yazının müəllifi

Dr. Ruslan Ağayev

Ümumi bariatrik cərrah

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.