Öd kisəsi və öd daşları haqda bilmədikləriniz
Öd daşı xəstəliyi
>Öd kisəsi harda yerləşir?
Öd kisəsi qaraciyərin altında, sağlam,yetişkin şəxslərdə təxminən 8sm uzunluğunda və 4sm genişliyində, sol tərəfə yatırılmış armud şəklində duran, içi boş bir orqandır.Öd kisəsi sistik kanal vasitəsilə onikibarmaq bağırsağa(duedonum)açılan xoledox kanalına(ümumi öd axarı)bağlanır.
>Öd kisəsinin funksiyaları hansılardır?
Öd kisəsinin həcmi təxminən 200-250ml,yəni bir su stəkanı ölçüsündədir.Əsas funksiyası qaraciyər tərəfindən ifraz olunan ödü depolamaqdır.Öd, qidalarla birlikdə qəbul edilən yağların həzmi üçün vacib məhsuldur.Yağlı yemək sonrasında həzm sistemi tərəfindən ifraz olunan və “xolesistokinin” adı verilən bir hormonla stimulə edilən öd kisəsi,iki yemək arasında depoladığı ödü yığılaraq sistik kanal və xoledox kanalı vasitəsilə oniki barmaq bağırsağa boşaldır.
Ödün tərkibində olan xolesterol,piqmentlər və ehtimal olunan infeksiya məhsulları zamanla ödün depolandığı öd kisəsi içərisində tünd rəngli qatı tərkibli çöküntü (sludge) əmələ gətirirlər.Bu çöküntü daha da artaraq daşların yaranmasına gətirib çıxara bilər.
Bu daşların əksəriyyəti əmələ gəldiyi müddətdə heç bir simptoma səbəb olmaz; bu səbəbdən yaranma müddətindəki daşlar və çöküntü əsasən fərqli səbəblərdən ötrü aparılan qarının instrumental müayinələrində və ya periodik müayinələrdə təsadüfən aşkarlanır.
Öd daşları həzm sistemində olduqca tez-tez görülən patologiyadır.Demək olar ki, 40 yaşın üzərindəki 5 qadından birində öd daşı vardır.Xüsusən də,artıq çəkili,acıq bədən rəngli,cox uşaqlı qadınlarda daha çox rastlanır.Ailəsində bu xəstəlik rastlanan şəxslərdə öd daşı əmələ gəlmə ehtimalı 2 dəfə çoxdur.
Öd daşlarının 3 növü vardır:
– Xolesterin daşları: Rəngləri ağ-sarıdan, yaşıl və ya qaraya qədər dəyişə bilər.Böyük və düzgün səthlidirlər.
– Saf bilirubin(piqment)daşları: Tünd yaşıl və ya qara rəngli,düzgün səthlidirlər.
– Ca-bilirubinat daşları: Öd yollarında infeksiya və ya iltihab olduğunda izlənilir və sərbəst bilirubində artım müşahidə olunur.
>Öd daşı xəstəliyinin risk faktorları hansılardır?
Xolesterin daşları:
– İrəliləyən yaş
– Qadın cinsi
– Piylənmə
– Çəki itirmə
– Total parenteral qidalanma
– Hamiləlik
– Dərman maddələri
– Oral kontraseptivlər
– Qadınlarda estrogen müalicəsi
– Kişilərdə estrogen müalicəsi
– Seftriakson
– Oktreoid
– Terminal ileum xəstəlikləri
– Lipid profili və s.
Piqment daşları:
– Sirroz
– İrəliləyən yaş,ileal xəstəlik,rezeksiya və ya by-pass cərrahi əməliyyatlar
– Duodenal divertikul
– Öd kisəsi staz sindromları və s.
Öd kisəsindəki daşlar müalicə edilmədikləri halda öd kisəsindən öd yollarına düşərək həm öd axımına, həm də mədəalti vəzin ifrazat məhsullarının boşalmasına mane olaraq müxtəlif ağırlaşmalara səbəb ola bilərlər.Xoşbəxtlikdən,xəstələrin böyük bir qismində bu ağırlaşmalar yaranmazdan qabaq bir sıra simptomlar ortaya çıxır.
>Öd daşının simptomları nədir?
Öd kisəsi daşlarının əsasən ilk vaxtlarda əlamətləri müşahidə olunmur.Araşdırmalara görə,bütün öd kisəsi daşlarının təxminən yarısı,insan həyatı boyunca heç bir əlamət göstərməmişdir.
Öd daşlarının ən əsas simptomu “biliar kolik”adı verilən,öd sisteminə aid bir ağrı tipidir.Biliar kolik,öd sisteminin xəstəliklərində olduqca həlledici olmaqla bərabər öd daşı əlamətləri aşağıdakı kimi aydınlaşdırılmışdır:
– Qarının üst orta və sağ tərəfində başlayan və ara-sıra sağ kürək sümüyünə yayılabilən,
– Əsasən yeməklərdən sonra,ani başlayan,
– 15-20 dəqiqə müddətində artan,daha sonra 5 saata qədər çəkən,
– Qusma,mədədə yanmaya qarşı istifadə olunan antiasid dərmanlar,defekasiya,qaz çıxarmaq,vəziyyət dəyişdirmək kimi çıxış yollarına cavab verməyən,
– Həddən artıq tərləmə və ürəkbulanmaya səbəb olabilən,
– Küt və kəskin xarakterdə,
– Öz-özünə zamanla keçən ağrı.
– Ksantelazmalar(sarı lipid ləkələri),
– Dəri və sklerada sarılıq,
– Qarında köp,
– Quru ərplə örtülü dil,
– Təngnəfəslik,taxikardiya.
Yuxarıdakı bütün simptomlara əlavə olaraq öd kisəsi ağrısı,yəni öd daşına bağlı yaranan ağrı ən əsas əlamətidir.
>Öd daşı xəstəliyində diaqnoz necə qoyulur?
Öd daşının diaqnozu yuxarıda göstərilən klinik əlamətlərlə yanaşı bir sıra laborator(qan,sidik) və instrumental müayinələrə əsasən qoyulur.Xəstəliyin diaqnostikasında “qızıl standart”qarın boşluğu USM-dir.Nadir hallarda KT,MRT kimi müayinə metodlarına ehtiyac ola bilər.
>Öd daşının müalicəsi nədir?
Keçmişdə daşların dərmanla əridilməsi metodları istifadə olunsa da effekti olmadığı görülmüşdür.Buna görə də, ən düzgün metod xəstələnən və daş əmələ gətirən orqanın aradan qaldırılmasıdır.
>Cərrahi əməliyyat şərtdirmi?
Semptomatik və ağırlaşmaları olan xəstələrin əməliyyat olunması mütləqdir.Asemptomatik olan,yəni şikayətləri olmayan,tesadüfən aşkarlanmış daşların əməliyyat edilməsi mübahisəli ola bilər.Bu daşların xəstənin həyatı boyunca narahatçılıq yaratmamaq ehtimalı yüksəkdir.Xəstələr, “Şikayətim yoxdur, olsa müraciət edərəm” deyə bilərlər.Əlbətdə bu da bir seçimdir.Ancaq xəstələr baş verə biləcək ağırlaşmalar barəsində bilgiləndirilməlidir.Biz,heçbir şikayətə səbəb olmasa belə,ümumi öd axarına düşmə riski səbəbilə çoxsaylı millimetrik daşları olan xəstələrə əməliyyat təklif edirik.Böyük və tək daşı olan,kanala düşmə ehtimalı olmayan,xüsusilə yaşlı xəstələrdə riskləri xəstəyə başa salaraq xəstəliyi nəzarətdə saxlaya bilərik.Gənc xəstələrdə isə gələcəkdə əlavə şikayətlərin baş verə biləcəyini nəzərə alaraq ilk olaraq əməliyyat təklif edirik.
>Öd daşı xərçəngə səbəb ola bilərmi?
Bu barədə dəqiq məlumat olmasa da belə bir müşahidə var ki; öd kisəsi xərçəngi səbəbilə əməliyyat olunan xəstələrin 90/100-da öd kisəsində daş görülmüşdür.Daşa görə xərçəng olmasına aid məlumat yoxdur.Öd kisəsi xərçəngi nadir hallarda rastlanan,müalicəsi asan olmayan,sürətli irəliləyən bir xərçəng növüdür.
>Uşaqlarda öd daşı ola bilərmi?
Çox nadir də olsa rastlana bilər.Bunun altında anatomik patologiya və ya qan xəstəliyi ola biləcəyi nəzərə alınmalıdır.Müalicəsi isə yetişkin xəstələr üçün məsləhət görülən cərrahi metoddur.
>Hamiləlikdə öd daşı müalicəsi necə olmalıdır?
Hamiləlikdə səssiz daşlara hər hansı bir müdaxilə olunmamalıdır.Ancaq ağırlaşmalara səbəb olmuşsa müalicə etmək lazımdır.Əməliyyat hamiləliyin son trimestrində olsa belə həyata keçirilməlidir.
Xüsusilə nəzərə alınması vacib olan digər qrup – diabetik xəstələrdir.Bu xəstələrdə şikayətlər olmasa belə öd daşlarının müalicəsi şərtdir.Çünki ağırlaşma baş verən hallarda müalicəsi çox daha çətin olacaqdır.
>Öd daşı əməliyyatı necə edilir?
Əməliyyatda qızıl standart laparoskopik(qapalı) əməliyyatdır.Bu metodla xəstələr günlük fəaliyyətlərinə və işlərinə daha tez zamanda qayıda bilərlər.Əməliyyatdan sonra xəstəxanada bir gün qalmaq kifayətdir.Öd daşı əməliyyatlarının yüzdə 5-dən daha azı açıq metodla həyata keçirilir.Açıq əməliyyata ən əsas göstəriş qarın daxilində əvvəlcədən keçirilmiş attaklar ya da əməliyyatlara bağlı bitişmələrin olmasıdır.Ümumi öd axarında daş olduğu hallarda laparoskopik xolesistektomiyadan əvvəl ERCP dediyimiz endoskopik yolla daşın öd kanalından götürülməsi lazımdır.Əməliyyat ancaq ERCP sonrasında icra edilir.
>Öd kisəsi əməliyyatından sonra nələr baş verir?
*Laparoskopik öd kisəsi əməliyyatından sonra 1-2 saat yara yerlərində zəif ağrı hiss edilir.Ancaq bu ağrılar xəstəni narahat edəcək dərəcədə kəskin deyildir.Ağrıkəsicilərlə tez zamanda kontrol altına alınır.
*Əməliyyatdan 6 saat sonra xəstəyə maye şəklində qidalar verilə bilər.Bunun ardından xəstə hərəkətləndirilir.Bu prosedurlardan sonra xəstə artıq daha rahatdır.
*Xəstələr təxminən 24 saat ərzində evə göndərilir.
*Əməliyyatın gedişinə uyğun olaraq qarın içərisinə drenaj qoyulur.Bu drenaj əməliyyatdan sonrakı 12-24 saat ərzində çəkilir.Drenaj çəkilməzdən qabaq xəstələr internetdə oxuduqlarına əsasən gərgin olurlar.Ancaq bu ağrılı prosedur deyildir:)
*Əməliyyatdan 24saat sonra xəstələr günlük fəaliyyətlərinə qayıda bilərlər.Sarğı,əməliyyat sonrası diyetayla bağlı xəstələr məlumatlandırılır və 1 həftə sonra təkrar müayinə məsləhət görülür.
>Öd kisəsi əməliyyatı zamanı baş verə biləcək arzuolunmaz hallar hansılardır?
Ağırlaşma, yəni istənməyən hallar ciddi ola bilər və müalicəsinin idarəsi çətinlik yarada bilər.Xəstənin əməliyyatdan əvvəl attakları nə qədər çox olmuş,sağalmış və yenidən attaklar keçirmişsə içəridəki bitişmələr də o miqdarda artacaqdır.Yenə təcili vəziyyət baş verdiyi zaman xəstə gec müraciət edərsə və əməliyyat planlanması gecikərsə cərrahi müdaxilə getdikcə çətinləşərək ağırlaşmalara açıq vəziyyətə gələcəkdir.
Laparoskopik əməliyyatdan açıq əməliyyata keçmək ehtimalı çox aşağıdır(təxminən 5%-dir).Bu ehtimal cərrahın bu əməliyyatdakı təcrübəsi və istifadə olunan teknolojik alətlərin keyfiyyətinə görə dəyişməkdədir.Unutmayaq ki,laparoskopik əməliyyatdan açıq əməliyyata keçid bir ağırlaşma deyil məcburiyyətdir və xəstənin yararına olan bir vəziyyətdir.
>Əməliyyatdan sonra nələrə diqqət etmək lazımdır?
Əməliyyatdan sonra enerji dəyəri yüksək olan qidalardan istifadə etməniz sağalma müddətinin tezləşməsinə yardımcı olacaqdır.Bəzi xəstələrdə xüsusilə yağlı,yumurtalı qidalara,qızartmalara qarşı həzmsizlik yarana bilər.Bunun səbəbi,öd deposu vəzifəsi görən orqanın olmamasıdır.Zamanla qaraciyər bu vəziyyəti kompensasiya edəcəkdir.Əsasən 4-6 həftə çəkən bu əlamətlərin qarşısı yüngül dərman müalicəsilə alına bilər.Əməliyyatdan sonra ciddi diyetaya ehtiyac olmasa belə bu tip qidalara qarşı diqqətli olmaqda fayda var.
Sizcə də ağrılara son qoymağın zamanı gəlmədi?!